Dekabrın 15-də Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Bərdə rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 588 ailəlik Yeni Yaşayış massivində müvəqqəti məskunlaşmış Xocalı rayon Cəmilli kənd sakinləri ilə səyyar qəbul - görüş keçirib. Görüşdə Şahmar Usubovla birgə Xocalı Rayon Polis Şöbəsinin rəisi Zaur Nəbiyev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib. Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılıb. Qəbulda sakinlər əsasən işlə təminolunma, əlilliyin bərpa olunması, arteziyan quyusunun qazılması, yeməkxərci plastik kartının ayrılması kimi müraciətlər edib və digər problemləri səsləndiriblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb. Səyyar görüş-qəbulda 20 nəfər iştirak edib.